Azərbaycan
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.
Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.
Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmiş oğuz tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Koroğlu” və bir çox başqa epik abidələrdə təcəssüm etmişdir.
Bu bərəkətli, səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, musiqiçilərin, rəssamların beşiyi olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza kimi dahilər bəxş etmişdir.
Doğma diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının boyakarlıq lövhələrində əksini tapmışdır.
Xalq musiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.
Bu gün də “Azərbaycan” deyəndə göz önünə onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə işıq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı.
İstinad və əlavə məlumat üçün
Bakı
Bakı Azərbaycan Respublikasının paytaxtı olmaqla Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir.[5] Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir.[6] Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir.
Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin “Avropada səyahət edilməli ən maraqlı məkanları” reytinqində 7-ci sırada, The New York Times qəzetinin “2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri” reytinqində isə 51-ci yerdə qərarlaşıb. 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşdırılıb.Globalization and World Cities Research Network-un 2020-ci il hesablamalarına görə Bakı inkişafına görə Gamma+ kateqoriyasına daxil edilir və dünyanın ən inkişaf etmiş 145-ci şəhəridir.